dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Maddə 22. Paytaxt
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Konstitusiya Qanunu ilə müəyyən edilir.
III fəsil. ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI
Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi
I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
Maddə 25. Bərabərlik hüququ
I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyas
Страницы: << < 5 | 6 | 7 | 8 | 9 > >>